Tramp Meksikanı yeni rüsumlarla hədələyib
- 09 dekabr, 2025
- 07:03
ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsini pozması səbəbindən ona qarşı 5% həcmində rüsum tətbiq edəcəyini açıqlayıb.
"Report" xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Hazırda Meksika (ABŞ-nin sorğularına - red.) cavab vermir və bu, zəruri suya ehtiyacı olan amerikalı fermerlərə qarşı ədalətsizlikdir. Buna görə də əgər bu su dərhal təmin olunmazsa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", - deyə Tramp yazıb.
"The Washington Post" qəzeti daha əvvəl yazmışdı ki, Meksika özü də quraqlıqdan əziyyət çəkdiyi üçün "ABŞ-yə su tədarükünü həyata keçirməyə müqavimət göstərərək" müqavilənin şərtlərini onilliklər boyu pozub.
Xatırladaq ki, 1944-cü ildə bağlanmış müqaviləyə əsasən, Meksika hər beş ildən bir ABŞ-yə Rio-Qrande çayının hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməyi, ABŞ isə əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməyi öhdəsinə götürmüşdü.