Tramp: ABŞ donanmasına təhdid yaradan Venesuela hərbi təyyarələri vurulacaq
- 06 sentyabr, 2025
- 02:17

ABŞ Venesuela hərbi təyyarələri Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda, onları vuracaq.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.
Venesuela hərbi təyyarələrinin regionda ABŞ Hərbi Dəniz Qüvvələrinə maneə yaratması halında nə baş verəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, "onların problemi olacaq".
Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə müraciətlə bildirib ki, Venesuela aviasiyası tərəfindən hər hansı bir təhdid yaranacağı halda, hərbçilər öz mülahizələrinə əsasən hərəkət edə bilərlər.
Tramp qeyd edib ki, beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından iki Venesuela hərbi təyyarəsinin uçması ilə bağlı insidentə ətraflı toxunmaq istəmir. Amma bildirib ki, əgər onlar ABŞ gəmisinə təhlükə yaratsalar, vurulacaqlar.