Təl-Əvivdə Netanyahu və Blinkenin birgə mətbuat konfransı olub - YENİLƏNİB

Digər ölkələr
  • 12 oktyabr, 2023
  • 11:25
Təl-Əvivdə Netanyahu və Blinkenin birgə mətbuat konfransı olub - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinkenin Təl-Əvivdə təkbətək görüşündən sonra birgə mətbuat konfransı olub.

"Report” bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Konfrans zamanı Benyamin Netanyahu İsrailə dəstəyə görə ABŞ-yə təşəkkür edib: “Prezident Baydenə və Amerika xalqına HƏMAS-a qarşı müharibəmizdə İsrailə verdiyi inanılmaz dəstəyə görə təşəkkür edirəm. Bu səfər Amerikanın İsrailə birmənalı dəstəyinin daha bir nümunəsidir”.

Netanyahu bildirib ki, HƏMAS açıq havada keçirilən musiqi festivalına hücum təşkil etməklə sivilizasiyanın düşməni olduğunu göstərib: “Açıq havada keçirilən musiqi festivalında gənclərin qətlə yetirilməsi, valideynlərin övladlarının, uşaqların da valideynlərinin gözü qarşısında öldürülməsi, insanların diri-diri yandırılması, oğurlanması bu barbarlığı göstərdi”.

Məlumata görə, daha sonra Benyamin Netanyahu və Antoni Blinkenin müdafiə naziri Yoav Gallant, Milli Birlik partiyasının lideri Benny Gantz və keçmiş Baş Qərargah rəisi MK Qadi Eisenkotun iştirak etdiyi fövqəladə birlik hökumətinin üzvləri ilə görüşü planlaşdırılır.

14:09

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə bu ölkənin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

“Report” xəbər verir ki, danışıqlar Təl-Əvivdə yerləşən Kiriye iqamətgahında keçirilir.

Görüş İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, İsrailin ABŞ-dakı, Birləşmiş Ştatların İsraildəki səfirləri və başqa məmurların iştirakı ilə genişləndirilmiş tərkibdə keçirilir.

Geniştərkibli danışıqlardan sonra A.Blineklə B.Netanyahu arasında təkbətək danışıqlar olacaq.

Bu görüşdən sonra birgə mətbuat konfransının olacağı gözlənilir.

A.Blinkenin eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qalant, Maxane Mamlaxati Partiyasının lideri Beni Qans və Knessetin deputatı Qadi Ayzenkotun iştirakı ilə genişləndirilmiş görüşü olacaq