Tayvan dronlarla mübarizə üçün 635 yüngül cihaz almağı planlaşdırır
- 06 noyabr, 2025
- 08:36
Tayvanın Müdafiə Nazirliyi yaxın üç il ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün azı 635 yüngül cihaz almaq niyyətindədir.
"Report" "Taipei Times" qəzetinə istinadən xəbər verir ki, layihənin dəyəri 9,67 milyard Tayvan dolları (312 milyon dollardan çox) qiymətləndirilir.
Nəşrin məlumatına görə, layihə hələ də adanın qanunverici orqanının təsdiqini almalıdır. Proqramda iştirak etmək istəyən istehsalçılar dronları ələ keçirə, müdaxilə edə və naviqasiya siqnallarını poza biləcək sistemlər təqdim etməlidirlər.
Müdafiə Nazirliyi qeyd edib ki, bu cür komplekslər yüngül və yığcam olmalıdır ki, onlar avtomobillərdə və kiçik gəmilərdə daşınsın. Bundan əlavə, sistemin quraşdırılması 15 dəqiqədən çox olmamalı, bir və ya iki operator tərəfindən aparılmalıdır.
Komplekslərin eyni vaxtda 10 km radiusda 4-dən çox hədəfi aşkar edə biləcəyi və 433 MHz-dən 5,8 GHz-ə qədər tezliklərdə işləyən dronları 2 km-ə qədər məsafədə vura biləcəyi güman edilir.
"Taipei Times" yazır ki, layihə üçün seçilmiş şirkətlər müqavilənin bağlanması barədə bildirişi aldıqdan sonra 180 gün ərzində 242 sistemin birinci partiyasını, əməliyyat sınaqlarının uğurla başa çatmasından sonra isə 180 gün ərzində 393 sistemin ikinci partiyasını sınaq üçün təhvil verməlidirlər.