Starmer: Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaradacaq
- 06 yanvar, 2026
- 23:56
Ukrayna Prezidenti Volodimir Zelenski kimi, Kiyevin Avropa və Amerikadan olan müttəfiqləri də sülh tərəfdarıdırlar və bu, ilin yaxşı başlanğıcıdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə "İstəklilər koalisiyası"nın görüşünün yekununda bildirib.
"Koalisiyanın məqsədi dayanıqlı sülhə nail olmağa kömək etmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə işləməkdir. Bu iş indi əvvəlkindən daha çox irəliləyib", - o bildirib.
Starmer qeyd edib ki, imzalanmış bəyannamədə Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, atəşkəs əldə edildikdən sonra Böyük Britaniya və Fransa Ukraynanın bütün ərazisində hərbi mərkəzlər yaradacaq və Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün silah və hərbi avadanlıqların saxlanması üçün qorunan obyektlər inşa edəcəklər.
"Bu, Ukraynanı uzunmüddətli perspektivdə dəstəkləmək üçün bizim öhdəliyimizin vacib bir hissəsidir. Böyük Britaniya, Fransa və tərəfdaş qüvvələrin Ukrayna ərazisində fəaliyyəti üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm irəliləyişdir. Bu, gələcəkdə Ukraynanın hava və dəniz məkanının təhlükəsizliyinin təminatı, ölkənin silahlı qüvvələrinin bərpasına şərait yaradacaq", - Baş nazir vurğulayıb.