Şahzadə Endryu Epşteynlə əlaqələri səbəbindən York hersoqu titulundan istifadə etməyəcək
- 17 oktyabr, 2025
- 23:42

Böyük Britaniya Kralının qardaşı şahzadə Endryu amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbindən York hersoqu titulundan istifadəni dayandıracaq.
"Report" xəbər verir ki, bu barədə Bukinqem sarayının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"Kral və ailəmin üzvləri ilə müzakirələrin nəticəsində qərara gəldik ki, mənə qarşı davam edən ittihamlar əlahəzrət və kral ailəsinin gördüyü işlərdən diqqəti yayındırır. Mən həmişə olduğu kimi, ailəm və ölkəm qarşısındakı öhdəliklərimi ön plana qoymaq qərarına gəldim. Mən beş il əvvəlki ictimai həyatdan çəkilmək qərarıma sadiqəm. Əlahəzrətin razılığı ilə biz hiss edirik ki, mən indi daha bir addım atmalıyam. Beləliklə, mən artıq titulumdan və mənə verilmiş mükafatlardan istifadə etməyəcəyəm", - deyə şahzadə bildirib.
Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluq bəyan etmişdi ki, 2002-2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızı - onların ən kiçiyinin 14 yaşı olub - gətirməsi ilə bağlı sübutlar var.
Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-nin deyil, həm də bir çox başqa ölkələrin, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları var idi. Maliyyəçinin ABŞ-də cinayət təqibi 10 avqust 2019-cu ildə həbs kamerasında intihar etməsindən sonra dayandırılmışdı.