Rütte: Ukrayna müharibə aparmaq təcrübəsini NATO ilə bölüşür
- 02 oktyabr, 2025
- 12:02

NATO Polşadakı birgə mərkəzin bazasında Ukraynadan döyüş əməliyyatları təcrübəsini öyrənir.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rütte Kopenhagendə Avropa Siyasi Birliyinin sammitindən əvvəl bəyan edib.
"Ukrayna innovasiyalar və ideyalar sahəsində hərəkətverici qüvvədir. Məsələn, korrupsiya, kibertəhdidlər və s. ilə mübarizə texnologiyaları sahəsində. Ukraynanın Rusiya hücumunun üç ildən çox davam etdiyi müddətdə topladığı bilikləri indi Danimarka və Polşa, ümumilikdə bütün NATO ilə bölüşməklə kömək etməsi çox vacibdir", - M.Rütte bildirib.
O, həmçinin vurğulayıb ki, Şimali Atlantika Alyansı Rusiyanın təhdidlərinə cavab olaraq birlik nümayiş etdirə bilib.
"Polşa və Estoniyanın hava məkanına müdaxilə zamanı nə baş verdiyinə baxın. Biz müttəfiqlər kimi reaksiya verdik, təhdidə cavab olaraq məhz belə etməliydik", - baş katib söyləyib.
O, həmçinin qeyd edib ki, Avropa Birliyi və NATO kollektiv təhlükəsizliyin, eləcə də Ukraynanın təhlükəsizliyinin təmin edilməsi haqqında düşünməlidir. "Ümid edirəm ki, bir gün sülh danışıqları başlayanda, kursu müəyyən etmək bir araya gəlmək vacib olacaq", - M.Rütte bildirib.