Zelenski Mayamidə aparılacaq danışıqların detallarını açıqlayıb - YENİLƏNİB
- 07 may, 2026
- 18:35
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bu gün ABŞ Prezidentinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
"Report" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib ki, bu görüşlərdə xüsusilə əsirlərin azad edilməsi, diplomatik prosesin aktivləşdirilməsi və təhlükəsizlik sahəsində bir sıra məsələlər müzakirə olunacaq.
"Əsas vəzifələri müəyyən etdik. Birincisi, humanitar istiqamətdir. Ümid edirik ki, əsirlərin azad edilməsinin yeni mərhələsini həyata keçirmək mümkün olacaq. İkincisi, diplomatik prosesin aktivləşdirilməsidir. Biz ABŞ tərəfi ilə daimi əlaqədəyik və tərəfdaşların Rusiya ilə müvafiq təmaslarından xəbərdarıq", – o yazıb.
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti ədalətli sülhün yaxınlaşmasına və etibarlı təhlükəsizlik zəmanətlərinin əldə edilməsinə çalışır.
"Bunun layiqli sülhün yaxınlaşmasına və təhlükəsizliyin təmin olunmasına kömək etməsi üçün çalışırıq. Görürük ki, hətta atəşkəs rejimi məsələsində də Rusiya tərəfi, təəssüf ki, konstruktiv yanaşma nümayiş etdirmir. Üçüncüsü, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi üçün ABŞ ilə əməkdaşlığımız çərçivəsində təhlükəsizliklə bağlı bir neçə konkret tapşırıq var. Bugünkü görüşlərin nəticələri barədə ətraflı məruzə gözləyirəm", – Ukrayna Prezidenti qeyd edib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.
"Bəli, yola düşüb və artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edilib, tezliklə bu barədə məlumat olacaq", – D.Litvin qeyd edib.