Rusiyanın Xarkova hücumu nəticəsində 3 nəfər həlak olub - YENİLƏNİB
- 12 fevral, 2026
- 11:46
Rusiyanın Ukraynanın Xarkov vilayətinin 15 yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.
"Hücum nəticəsində 3 nəfər həlak olub, 20 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır", - o, teleqram kanalında yazıb.
Rusiyanın Ukraynanın Xarkov vilayətində yerləşən Barvinkovo şəhərinə endirdiyi silsilə PUA zərbələri nəticəsində 13 nəfər xəsarət alıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
"Zərbələrdən biri ikimərtəbəli mağaza binasına dəyib, 1500 kv. m-dən çox sahədə yanğın baş verib. Həmçinin çoxmərtəbəli yaşayış binaları, qarajlar və avtomobillər zədələnib", - xilasedicilər qeyd ediblər.
Dövlət Xidmətindən bildiriblər ki, hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər başa çatıb. Xilasedicilər hücumların təkrarlanması təhlükəsi altında işləyiblər.