Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb
- 09 dekabr, 2025
- 01:46
Noyabrın 19-da Ukraynanın Ternopol şəhərinə Rusiya tərəfindən edilən hücum nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə Ternopol vilayəti Milli Polisinin Baş İdarəsinin rəisi Sergey Zyubanenko "Facebook" səhifəsində məlumat verib.
"Əvvəllər itkin düşmüş hesab edilən daha iki nəfərin meyiti tapılıb. 8 dekabr tarixinə olan məlumata görə, Ternopolun raket atəşinə tutulması nəticəsində 38 nəfər həlak olub, onların arasında səkkiz uşaq da var", – deyə vilayət polisinin rəhbəri qeyd edib.
O, hazırda üç böyük yaşlı şəxsin hələ də itkin düşmüş hesab olunduğunu bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası noyabrın 19-da səhər saatlarında Ternopol şəhərinə dron və raketlərlə hücum edib. Şəhərdə bir neçə bina dağıdılıb. Vilayət Hərbi Administrasiyası zərbə yerlərinin yaxınlığında havada zərərli maddələrin miqdarının normadan artıq olduğunu qeyd etmişdi.