Rusiyanın Donetskə zərbələri nəticəsində beş nəfər həlak olub, vilayət elektriksiz qalıb
- 02 noyabr, 2025
- 15:42
Şənbə günü Rusiyanın Ukraynanın Donetsk vilayətinə hücumları nəticəsində beş nəfər həlak olub, iki nəfər yaralanıb.
"Report"un məlumatına görə, dəqiqləşdirilmiş məlumatları Ukrayna Milli Polisi bazar günü "Telegram" kanalında təqdim edib.
"Ruslar Konstantinovkaya aviabombalar, artilleriya və dron ilə zərbə endiriblər, nəticədə 2 nəfər həlak olub, daha bir nəfər yaralanıb. Çoxmənzilli binalar və fərdi evlər zərər görüb. Rodinskoeda atəş zamanı bir mülki şəxs həlak olub, daha biri xəsarət alıb, fərdi ev dağıdılıb. Mirnoqradda və Seversk şəhərində Rusiya tərəfinin zərbələri nəticəsində daha bir nəfər həlak olub", - məlumatda qeyd olunub.
1 noyabr tarixində Ukrayna polisi cəbhə xətti və yaşayış sektoruna 1808 zərbə qeydə alıb - 7 yaşayış məntəqəsi atəş altında olub.
Ölkənin Energetika Nazirliyi bildirib ki, enerji infrastrukturuna zərbələr nəticəsində bütün vilayətdə elektrik enerjisi yoxdur. Bərpa işləri aparılır.