Qvineya-Bisauda hərbçilər ölkəni idarə etmək üçün ali komandanlıq yaradıblar – YENİLƏNİB
- 26 noyabr, 2025
- 22:43
Qvineya-Bisauda dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən hərbçilər ölkəni idarə etmək üçün ali orqan kimi intizamın bərpası üzrə Ali hərbi komandanlıq yaradıblar.
"Report"un məlumatına görə, bunu milli televiziyada çıxışı zamanı briqada generalı Denis N"Kanya elan edib.
Onun sözlərinə görə, komandanlıq ölkəni müvəqqəti idarə edəcək. Bu struktura kimin rəhbərlik etdiyi hələ açıqlanmayıb.
Hərbçilər artıq bütün mülki institutların fəaliyyətini dayandırıb, Qvineya-Bisaunun xarici sərhədlərini bağlayıb, gecə vaxtı komendant saatı tətbiq edib, KİV-lərin fəaliyyətini dayandırıb, 23 noyabrda keçirilmiş prezident və parlament seçkilərinin səslərinin sayımını dayandırıblar. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.
"Jeune Afrique" nəşri xəbər verib ki, ölkə prezidenti Umaro Sissoko Embalo ilə yanaşı, aparıcı müxalifət partiyası – Qvineya və Kabо-Verdenin Afrika Müstəqillik Partiyasının lideri Dominquş Simoyş Pereyra və həmin partiyanın prezident seçkilərindəki namizədi Fernandu Diaş de Koşta da həbs olunub. Onların harada saxlanıldığı məlum deyil.
Hərbçilərin hakimiyyəti ələ almasından əvvəl general N"Kanya prezidentin hərbi kargüzarlığının rəhbəri vəzifəsini tuturdu. Bu qurum dövlət başçısının şəxsi təhlükəsizliyinin təmin olunması məsələlərinə cavabdeh idi.
Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarətin qurulduğunu və bütün sərhədlərin bağlandığını elan ediblər.
"Report" xəbər verir ki, bu barədə "France 24" portalı məlumat yayıb.
"Prezident və parlament seçkilərindən üç gün sonra Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarəti və seçki prosesinin dayandırıldığını elan ediblər", – məlumatda bildirilir.
Prezident Umaru Sissoko Embalo və onun daxili işlər naziri Boçe Kande həbs olunublar. Baş Qərargah rəisi və onun müavini də saxlanılanlar arasındadır.
AFP-nin məlumatına görə, noyabrın 26-da günorta vaxtı saray yaxınlığında başlayan atışma günün ikinci yarısına doğru dayanıb.
Mövcud prezidentin komandası və müxalifət namizədi Fernandu Diaş de Koşta eyni vaxtda öz qələbələrini elan ediblər, baxmayaraq ki, rəsmi nəticələr yalnız 28 noyabrda açıqlanmalıdır.
Qvineya-Bisaunun paytaxtında prezident sarayı ərazisində atəş səsləri eşidilir.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, hərbi geyimdə olan şəxslər saraya gedən əsas yolu nəzarətə götürüblər. Hələlik atəşin bilavasitə binanın yaxınlığında, yoxsa qonşu məhəllələrdə açıldığı məlum deyil.
Sosial şəbəkələrdəki məlumatlara əsasən, atışma yerli vaxtla günorta saatlarında başlayıb və yüksək intensivliklə davam edir.
"Reuters" agentliyi şahidlərə istinadən prezident sarayından təxminən 1 km məsafədə yerləşən Milli Seçki Komissiyasının binası yaxınlığında atışma olduğunu bildirir. Vəziyyət qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin yekunları üzrə səsləri hesablayır. Prezident seçkilərinin ilkin rəsmi nəticələrinin noyabrın 28-də açıqlanması planlaşdırılır. Seçkilərdə hazırkı prezident Umaro Sissoko Embalo da daxil olmaqla 12 namizəd iştirak edib.
Daha əvvəl Qvineya-Bisaunun hazırkı başçısı dövlət çevrilişi nəticəsində prezident sarayındakı iş otağında həbs olunduğunu bildirib.