Quterreş Suriya üzrə xüsusi nümayəndəsinə yeni müavin təyin edib
- 08 dekabr, 2025
- 22:23
BMT Baş Katibi Antoniu Quterreş Suriya üzrə xüsusi nümayəndəsinə yeni müavin təyin edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu vəzifəyə italiyalı diplomat Klaudio Kordone təyin edilib.
O, gələn ilin yanvarın 1-dən etibarən xüsusi nümayəndənin müavini kimi fəaliyyətə başlayacaq. Baş katib Kordonenin Suriya üzrə siyasi keçid prosesini dəstəkləmək üçün BMT-nin səylərində mühüm rol oynayacağına ümid etdiyini deyib.
Bildirilib ki, Kordone beynəlxalq münasibətlər və insan hüquqları sahəsində 40 illik təcrübəyə malikdir. O, 2022-ci ildən BMT-nin İraqa Yardım Missiyasında (UNAMI) siyasi məsələlər və seçki yardımı üzrə xüsusi nümayəndənin müavini kimi çalışır və 1990–1991-ci illər Körfəz müharibəsində itkin düşən şəxslərlə bağlı BMT-nin fəaliyyətinə də nəzarət edir.