Polşalı ekspert: Rusiyanın hücumu NATO-nun dördüncü maddəsinin aktivləşdirilməsinə səbəb ola bilər

Digər ölkələr
  • 10 sentyabr, 2025
  • 12:42
Polşalı ekspert: Rusiyanın hücumu NATO-nun dördüncü maddəsinin aktivləşdirilməsinə səbəb ola bilər
Yevgeni Bilonojko

Rusiya pilotsuz uçuş apatarlarının (PUA) Polşaya hücumu NATO Nizamnaməsinin təhlükəsizlik və xarici təhdid barədə məsləhətləşmələrin zəruriliyi haqqında dördüncü maddəsinin aktivləşdirilməsinə səbəb ola bilər.

Bunu "Report"un Şərqi Avropa bürosuna, Polşadan olan ekspert Yevgeni Bilonojko sentyabrın 10-da Rusiya dronlarının, o cümlədən Belarusdan diversiya qruplarının ölkəsinə hücumlarını şərh edərkən bildirib.

"Bu hücum gərginliyin yeni eskalasiyası və ya NATO, Polşa və ya Rusiya orduları arasında birbaşa qarşıdurma demək olacaqmı? Düşünürəm ki, bu mərhələdə bunu söyləmək hələ tezdir. Dəqiq deyə bilərik ki, bu, mülki əhaliyə və mülki hava limanlarının işinə təhlükə yaradan ilk böyük müdaxilə və mənfi fəaliyyətdir. Polşa həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür.

Vaşinqtona son səfər iki ölkə arasında koordinasiya fəaliyyətlərini təsdiqləyir. Və bundan əvvəlki son hadisələrlə bağlı hər hansı qərarlar yalnız Vaşinqton, Berlin, Brüssel, London ilə koordinasiyada qəbul ediləcək. Hər halda, Polşa müttəfiqləri ilə koordinasiya və razılaşma olmadan hərəkət etməyəcək", - Y.Bilonojko qeyd edib.

O bildirib ki, NATO-nun çox böyük təcrübəsi var və Polşa da bütün qərarlarını öz tərəfdaşları ilə koordinasiya və razılaşma əsasında qəbul edir: "Burada prezident və hökumət arasında koordinasiyanın da olduğunu vurğulamaq lazımdır".