Pakistan Baş naziri Əfqanıstana danışıqların yeni raundunun keçirilməsini təklif edib
- 12 noyabr, 2025
- 23:53
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstana danışıqların yeni raundunun keçirilməsini təklif edib.
"Report" xəbər verir ki, bu barədə Pakistan hökuməti açıqlama yayıb.
"Biz regionda sülh və sabitlik istəyirik. Əfqanıstan anlamalıdır ki, bizim üçün yaxşı olan, onlar üçün də yaxşıdır. Vəd verib sonra onu yerinə yetirməmək olmaz", - baş nazir bildirib.
Bu təklif Pakistan ərazisində son zamanlar baş vermiş hücumlarla əlaqədar irəli sürülüb. Baş nazirin sözlərinə görə, həmin hücumlarda "əfqan izi" müşahidə olunub.
Bundan əvvəl Pakistan ilə Əfqanıstan təhlükəsizlik və sərhəd məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığa gəlib. Yeni görüşün İstanbulda, Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılır. Tərəflər daha əvvəl Dohada razılaşdırılmış atəşkəs rejiminin icrasını müzakirə edəcəklər.
Bu danışıqlar iki ölkə arasında sərhəd gərginliyinin azaldılması, transmilli terrorizmlə mübarizə və iqtisadi-humanitar əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.