Özbəkistanda elektron siqaretlər qadağan edilib

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 11:07
Özbəkistanda elektron siqaretlər qadağan edilib

Özbəkistan qanunvericiliyində elektron siqaretlərin və nikotin tərkibli cihazların dövriyyəsinə görə məsuliyyəti müəyyən edən dəyişikliklər qüvvəyə minib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Özbəkistana tütün məmulatlarının və nikotinin çatdırılması üçün elektron sistemlərin idxalında və ya ixracında təqsirli bilinən vətəndaşlar ciddi məsuliyyətə cəlb oluna bilərlər. Qanun respublika ərazisində dövriyyəsi qadağan edilmiş elektron siqaretlərin hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və istehsalına da şamil edilir.

Qanunun pozulmasına və ya inzibati cəzadan sonra təkrar pozulmasına görə 300-500 baza hesablama kəmiyyəti miqdarında cərimə nəzərdə tutulur. Alternativ olaraq, iki ildən üç ilə qədər islah işləri, üç ildən beş ilə qədər azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilə qədər həbs cəzası təyin edilə bilər.

Eyni zamanda, şəxs törətdiyi əməl barədə dövlət orqanlarına könüllü olaraq məlumat verdiyi və dövriyyəsi qadağan olunmuş məhsulları təhvil verdiyi halda məsuliyyətdən azad edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti