Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
- 02 fevral, 2026
- 05:51
ABŞ-nin Nyu-York şəhərində günlərdir davam edən şiddətli soyuq hava dalğası səbəbindən 14 nəfər həyatını itirib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə şəhər meri Zöhran Mamdani açıqlama verib.
Şəhər meri bildirib ki, həmin insanlar küçədə tapılıblar və davam edən şiddətli soyuq hava dalğası ölüm halları ilə nəticələnib.
Z. Mamdani qeyd edib ki, bu, şəhərin uzun müddətdir qarşılaşdığı ən sərt soyuqlardan biridir və hələ də davam edir. O əlavə edib ki, hava şəraiti ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub və yardım tədbirləri gücləndirilib.
Şəhər rəhbərliyi evsizlər üçün sığınacaqların sayını artırıb, 860-dan çox insan təhlükəsiz yerlərə köçürülüb.
Soyuq hava xəbərdarlığı davam edir. Yerli meteoroloqların bildirdiyinə görə, temperatur hələ də təhlükəli səviyyədədir.