Nigeriyada terrorçular hərbi bazaya hücum ediblər
- 13 aprel, 2026
- 16:48
"Boko Haram" terror qruplaşmasının və Qərbi Afrika İslam Dövlətinin yaraqlıları Nigeriyannın şimal-şərqində - Çad sərhədi yaxınlığında hərbi bazaya hücum ediblər.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Hücum zamanı biri zabit olmaqla altı hərbçi öldürülüb. Mənbənin məlumatına görə, hərbçilər ən azı 12 yaraqlını məhv edib.
Agentlik qeyd edib ki, üsyançılar hərbi bazalara hücumları gücləndirib və bölgədə silahları ələ keçirərək ölkə hakimiyyətinə və uzun illərdir davam edən qan tökülməsinə son qoymağı vəd edən prezident Bola Tinubuya əlavə təzyiq göstərirlər.
Qeyd olunub ki, radikal qruplaşmaların yaraqlıları 17 ildir Nigeriyanın şimal-şərqində İslam dövləti yaratmaq məqsədilə silahlı üsyan qaldırıblar. Humanitar təşkilatların məlumatına görə, genişmiqyaslı hərbi əməliyyatlara baxmayaraq, bu müddət ərzində minlərlə dinc vətəndaş həlak olub və ən azı 2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.