Netanyahu İspaniyanı İsrailə qarşı diplomatik müharibədə ittiham edib

Digər ölkələr
  • 10 aprel, 2026
  • 19:08
Netanyahu İspaniyanı İsrailə qarşı diplomatik müharibədə ittiham edib

İsrailin Baş naziri Benyamin Netanyahu İspaniyanın ünvanına sərt bəyanatla çıxış edərək, onu düşmənçilik siyasətində və İsraillə diplomatik müharibədə ittiham edib.

"Report" xəbər verir ki, bəyanat İsrailin İspaniya nümayəndələrini Kiryat-Qatdakı koordinasiya mərkəzində işdən kənarlaşdırmaq qərarı fonunda səslənib.

"İsrail bizə hücum edənlər qarşısında susmayacaq. İspaniya bizim qəhrəmanlarımıza - dünyanın ən mənəvi ordusu olan İsrail Müdafiə Ordusunun əsgərlərinə ləkə yaxdı. Buna görə də bu gün mən İspaniya nümayəndələrinin Kiryat-Qatdakı koordinasiya mərkəzində işdən kənarlaşdırılması barədə göstəriş verdim", - o, "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, terrorçu rejimlər əvəzinə İsraili tənqid edən ölkələr tərəfdaş sayıla bilməzlər. "Mən bu ikiüzlülüyə və düşmənçiliyə dözmək niyyətində deyiləm. Mən heç bir ölkəyə bunun üçün məsuliyyət daşımadan bizə qarşı diplomatik müharibə aparmasına imkan vermək fikrində deyiləm", - o qeyd edib.

Xatırladaq ki, son illər ərzində Təl-Əvivlə Madrid arasında münasibətlər davamlı olaraq pisləşir. İspaniya hökuməti Qəzzadakı müharibəyə görə İsrailin ünvanına sərt tənqidlərlə çıxış edir.