Münhen hava limanı PUA səbəbindən yenidən bağlanıb
- 04 oktyabr, 2025
- 03:43

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının görünməsi səbəbindən fəaliyyətini yenidən dayandırıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" hava limanının təhlükəsizliyinə istinadən məlumat yayıb.
"Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır", - agentlik hava limanının sözçüsündən sitat gətirib. Pilotsuz uçuş aparatlarının görünməsinin hava limanının bağlanmasına səbəb olub-olmadığı hələ aydın deyil.
Münhen Federal Polis İdarəsinin sözçüsü Tomas Borovik Bild qəzetinə deyib: "Biz mümkün pilotsuz uçan aparatların fəaliyyəti ilə bağlı xəbərləri araşdırırıq. Təhlükəsizliyə görə hava hərəkətinə nəzarət 21:28-də (Bakı vaxtı ilə 23:28) uçuşları dayandırıb".
Münhen Hava Limanının mətbuat xidməti həmçinin bildirib ki, uçuşlar ehtiyat tədbiri olaraq növbəti xəbərdarlığa qədər dayandırılıb.
Oktyabrın 2-də axşam saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə naməlum pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar dayandırılıb.