Milanda etirazçılarla toqquşmalarda 60 polis əməkdaşı yaralanıb
- 22 sentyabr, 2025
- 22:32

İtaliyanın Milan şəhərində Qəzza zolağında fələstinlilərin kütləvi şəkildə öldürülməsinə qarşı keçirilən etiraz aksiyaları nümayişçilərlə polis arasında toqquşmalara səbəb olub.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, 60 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 10-dan çox etirazçı saxlanılıb.
Hadisə şahidi bildirib ki, polis Milanın mərkəzi vağzalında etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bəziləri qara geyinmiş, digərləri isə Fələstin bayrağı dalğalandıran etirazçılar stansiyanın pəncərəsini dirəklə sındırıb və polisə stul atıblar.
Romada on minlərlə insanın iştirak etdiyi yürüş fəalların Sapienza Universitetinin fakültə binasını zəbt etməsi ilə başa çatıb. Dənizçilər də fələstinlilərlə həmrəy olaraq limanları mühasirəyə alıblar.
Venesiya limanında polis nümayişləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Genuya, Livorno, Triest, Bolonya, Neapol və digər şəhərlərin limanlarında da işçilər etiraz aksiyaları keçiriblər.
Bundan əvvəl bildirilmişdi ki, Unione Sindacale di Base (USB) həmkarlar ittifaqı tərəfindən Qəzza zolağının əhalisi ilə həmrəylik məqsədilə İtaliyanın 75-dən çox şəhərində etiraz aksiyaları keçirilir.