Mexikoda yük maşınının partlaması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
- 12 sentyabr, 2025
- 00:30

Meksikanın paytaxtı Mexikoda mayeləşdirilmiş qaz daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 8-ə çatıb, daha 94 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada mətbuat konfransında bildirib.
"Təəssüf ki, 94 nəfər zərər çəkib və ya yaralanıb. Acı təəssüf hissi ilə bildiririk ki, onlardan səkkiz nəfəri dünyasını dəyişib. 22 nəfərin vəziyyəti ağırdır. 19 nəfər həkim, tibb bacısı və təcili yardım işçilərinin əməyi sayəsində evə buraxılıb", - mer qeyd edib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 67 nəfər qalır.
Qeyd edək ki, çərşənbə günü Mexiko şəhərinin İztapalapa rayonunda magistral yol qovşağında mayeləşdirilmiş qazın olduğu yük maşını partlayıb. Yanğın nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı tikililərə ziyan dəyib.
Yük maşını "Gas Silza" şirkətinə məxsus olub.
Hadisənin səbəbini Mexiko Prokurorluğu araşdırır.