Makron: ÜST sammiti 2026-cı ilin aprelində Lion şəhərində keçiriləcək
- 08 yanvar, 2026
- 19:04
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti bu ilin aprel ayında Lion şəhərində keçiriləcək.
"Report"un məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında fransız səfirləri ilə keçirilən müşavirədə bildirib.
"ÜST-nin təzyiq və təhdidlərə məruz qaldığı bir vaxtda onun gücləndirilməsi, həmçinin bütün ölkələrin hədəf fondlarının apreldə Lionda keçiriləcək sammitdə birləşdirilməsi effektiv çoxtərəfli əməkdaşlığın müdafiəsində əsas məqam olacaq", - o deyib.
Makron Fransanın beynəlxalq gündəliyində səhiyyə məsələlərinə xüsusi diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT sistemi çərçivəsində bir sıra təşkilatlardan, o cümlədən ÜST, YUNESKO, BMT İnsan Hüquqları Şurası və Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə BMT Yaxın Şərq Agentliyindən (BAPOR) çıxacağını və onların maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.