Makron Madaqaskar prezidentinin Fransa təyyarəsi ilə təxliyəsini təsdiqləməyib
- 14 oktyabr, 2025
- 02:11

Emmanuel Makron mətbuatda Madaqaskar prezidentinin Fransa Aerokosmik Qüvvələrinin təyyarəsi tərəfindən təxliyə edilməsi barədə yayılan xəbərləri təkzib edib və Afrika ölkəsində konstitusiya quruluşunun qorunmasına çağırıb.
"Report" xəbər verir ki, bu barədə Makron Qəzza zolağında nizamlanmaya dair sammitdə iştirak etdiyi Misirin Şarm əl-Şeyxini tərk etməzdən əvvəl jurnalistin sualına cavabında bildirib.
"Xeyr, bu gün heç nəyi təsdiq etməyəcəyəm. Mən dərin narahatlığımızı bildirmək və Fransanın Madaqaskar xalqı ilə dostluğundan danışmaq istərdim", - deyə Emmanuel qeyd edib.
Fransanın dövlət başçısı ölkədə sabitliyin və beynəlxalq birliyin yardım göstərmək qabiliyyətinin asılı olduğu konstitusiya quruluşunun və institusional davamlılığın qorunmasının vacibliyini bildirib: "Əgər onları qorumaq mümkün olmasa, onda nə olacağını hamı bilir".
Makron qeyd edib ki, ada ölkəsi artıq oxşar epizodla üzləşib. O, həmçinin belə bir vəziyyətdə ilk olaraq sadə sakinlərin əziyyət çəkəcəyi ilə bağlı xəbərdarlıq edib və etirazçı gənclərin hərbçilər və xarici aktyorlar tərəfindən istismarının qarşısının alınmasına çağırıb.
Qeyd edək ki, Madaqaskar Prezidenti Andri Radzuelina ölkəni tərk etdiyini təsdiqləyib, lakin hazırda harada olduğunu açıqlamayıb.