Maduro Venesuelanın hakim partiyasının Siyasi Bürosunun yeni heyətini açıqlayıb
- 02 dekabr, 2025
- 07:22
Prezident Nikolas Maduro hakim Venesuela Vahid Sosialist Partiyasının yeni Siyasi Büronun yaradıldığını elan edib.
"Report"un "Venezolana de Televisión" telekanalına istinadən məlumatına görə, Maduro bu barədə Karakasın mərkəzində minlərlə insanın qatıldığı mitinqdə çıxış edərək bildirib.
"Mən Bolivar İnqilabının siyasi və sosial qüvvələrinin ən yüksək səviyyəsində rəhbərliyi öz üzərinə götürəcək və bu inqilabın baş komandanı kimi mənə kömək edəcək 12 həmvətəndən ibarət Siyasi Büro təyin edirəm", - o deyib.
Partiyanın yeni ali orqanına Venesuela Vahid Sosialist Partiyasının və Nazirlər Kabinetinin yüksək vəzifəli nümayəndələri daxildir. Daxili işlər naziri Diosdado Kabello partiyanın baş katibi vəzifəsini qoruyub saxlayıb. Parlamentin sədri Xorxe Rodriqes onun təbliğat və əks-təbliğat üzrə müavini təyin edilib.
Venesuelanın icraçı Vitse-prezidenti Delsi Rodriqes İstehsal və Maliyyə Katibliyinin rəhbəri, Tanya Dias Beynəlxalq Katibliyin və Fransisko Amelyaç Təhlükəsizlik və Müdafiə məsələləri üzrə Katibliyinin rəhbəri təyin ediliblər. Venesuela Prezidentinin həyat yoldaşı Siliya Flores Strategiya Katibliyinin rəhbəri təyin olunub.