Macarıstan qırıcıları Latviya yaxınlığında Rusiyanın beş təyyarəsini müşayət edib
- 25 sentyabr, 2025
- 23:24

Macarıstan qırıcıları Latviya hava məkanı yaxınlığında Rusiyanın beş təyyarəsini müşayət edib.
"Report" xəbər verir ki, bu barədə NATO Hərbi Hava Qüvvələri Komandanlığı sosial şəbəkədə məlumat yayıb.
"Sentyabrın 25-də Macarıstanın iki "Qripen" qırıcısı Latviyanın hava məkanı yaxınlığında uçan Rusiya təyyarələrini – Su-30, Su-35 və üç MiQ-31-i müşayət etmək üçün Şiaulyai aviabazasından (Litva) havaya qalxıb", - deyə məlumatda qeyd olunub.
Alyansın bəyanatında vurğulanıb ki, Macarıstan Baltikyanı regionun və onun şərq cinahının müdafiəsi və təhlükəsizliyində NATO-ya sadiqliyini nümayiş etdirib.
Daha əvvəl bildirilmişdi ki, sentyabrın 24-də Alyaskanın Hava Hücumundan Müdafiəsi müəyyənetmə zonasında dörd Rusiya hərbi təyyarəsi aşkar edilib və dörd F-16 qırıcısı onları müşayiət edib. Ötən həftə Rusiyanın üç MiQ-31 hərbi təyyarəsinin Estoniyanın hava məkanını pozması NATO daxilində bu cür insidentlərə müvafiq reaksiya verilməsi ilə bağlı müzakirələrə səbəb olub.