Luvr dördüncü dəfə tətil səbəbindən ziyarətçilər üçün bağlanıb
- 26 yanvar, 2026
- 18:38
Fransada Luvr muzeyi bazar ertəsi dördüncü dəfə ziyarətçilər üçün bağlanıb.
"Report" xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, dekabr ayının ortalarında əmək şəraitinin pisləşməsi və resursların çatışmazlığından narazı olan işçilərin başlatdığı tətillə əlaqədardır.
Xatırladaq ki, aksiyalar ötən il dekabrın 15-də başlayıb. Həmin vaxtdan Luvr muzeyi dördüncü dəfədir ziyarətçiləri qəbul edə bilmir və bir neçə dəfə də qismən açılıb. Tətil muzeyin ötən il üzləşdiyi bir sıra problemlər fonunda keçirilir.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Luvr daxili konstruksiyaların və su kommunikasiyalarının pis vəziyyəti səbəbindən bir sıra qəzalarla üzləşib. 2025-ci ilin payızında muzeydə həmçinin qalmaqallı soyğunçuluq hadisəsi baş verib.