Liviyada insan alverçilərinə ağır cəza verilib

Digər ölkələr
  • 29 aprel, 2026
  • 05:12
Liviyada insan alverçilərinə ağır cəza verilib

Liviyada Tripoli Cinayət Məhkəməsi insan alveri, miqrantları fidyə müqabilində qaçırımaq və onlara işgəncə verməkdə ittiham olunan cinayətkar qrupun dörd üzvünü 12 ildən 22 ilə qədər həbs cəzasına məhkum edib.

"Report"un verdiyi məlumata görə, bu barədə Liviya Baş Prokurorluğu məlumat yayıb.

Məhkum edilənlərin adları açıqlanmır. Təqsirləndirilən şəxslərdən biri qiyabi olaraq məhkum edilib. Qeyd olunub ki, dəstə üzvləri Tripolinin qərbində yerləşən Zuvara sahil şəhərindən miqrantların qaçaqmalçılığı ilə məşğul olub. Cinayətkarlar həmçinin miqrantları qaçırıb və qohumlarından pul tələb edərək onlara qurbanların işgəncə videolarını göndəriblər.

2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən bəri Liviya səhra və Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışan miqrantlar üçün əsas tranzit yollarından biri olaraq qalır. Daha əvvəl Zuvara sahillərində miqrant olduğu ehtimal edilən ən azı 17 nəfərin cəsədi tapılıb.

Bundan əlavə, Liviya Prokurorluğu Tobruk şəhərindən nasaz qayıqla miqrantların daşınmasını təşkil edən başqa bir cinayətkar qrupun üzvlərinin həbs olunması barədə qərar qəbul edib. Qayıq Aralıq dənizində batdı və nəticədə 38 Sudan, Misir və Efiopiya vətəndaşı həlak olub.