Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
- 01 dekabr, 2025
- 17:55
Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas PUA ilə bağlı insidentlə əlaqədar bu gün Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 30-da Litvanın Lazdiyski rayonundan sərhədi keçən və Qrodno şəhərinə düşən təyyarə tipli pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə əlaqədar müvəqqəti işlər vəkilinə etiraz bildirilib. Minsk hadisəni qəsdən törədilmiş təxribat kimi qiymətləndirir", - məlumatda qeyd olunur.
Belarus tərəfi Litvadan insidentlə bağlı ətraflı məlumat verməyi, araşdırma aparmağı və günahkarları məsuliyyətə cəlb etməyi, həmçinin belə halların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edir.
"Belarus suverenliyini qorumaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxlayır", - qurumdan bildirilib.