Latviya piyadalar əleyhinə minaları qadağan edən konvensiyadan çıxıb

Digər ölkələr
  • 28 dekabr, 2025
  • 16:54
Latviya piyadalar əleyhinə minaları qadağan edən konvensiyadan çıxıb

Latviya dekabrın 27-dən etibarən rəsmi olaraq piyadalar əleyhinə minalar haqqında konvensiyadan (Ottava konvensiyası) çıxıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Diana Eqlite bildirib.

"27 dekabrda Latviyanın piyadalar əleyhinə minaların istifadəsini, saxlanmasını və istehsalını qadağan edən Ottava konvensiyasından çıxması barədə qərarı qüvvəyə minib", - o qeyd edib.

Latviya XİN-in sözçüsü xatırladıb ki, ölkəsinin Ottava konvensiyasından çıxması barədə sənəd iyunun 27-də BMT-nin baş katibinə təqdim edilib. Konvensiyaya əsasən, çıxış yuxarıda qeyd olunan sənədin təqdim edilməsindən altı ay sonra qüvvəyə minir.

Beləliklə, 27 dekabr 2025-ci ildən etibarən Latviya piyadalar əleyhinə minaları əldə etmək, istehsal etmək və istifadə etmək imkanı qazanır. Respublika 2005-ci ildən bəri piyadalar əleyhinə minaların tətbiqinin, ehtiyatlarının yığılmasının, istehsalının və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında konvensiyanın iştirakçısı olub.

BMT-nin üzv dövlətlərinə Ottava konvensiyasından çıxmaq barədə bildirişləri həmçinin Polşa, Estoniya və Finlandiya da göndərib.

Son xəbərlər

Bütün Xəbər Lenti