Körfəz Əməkdaşlıq Şurası İsrailin Qətərə hücumu ilə bağlı bəyanat qəbul edib

Digər ölkələr
  • 15 sentyabr, 2025
  • 21:07
Körfəz Əməkdaşlıq Şurası İsrailin Qətərə hücumu ilə bağlı bəyanat qəbul edib

Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər təşkilatın Ali Şurasının Dohada keçirilən fövqəladə iclasında İsrailin Qətərə hücumunu pisləyən yekun bəyanat qəbul ediblər.

"Report" xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Sənəddə qeyd olunur ki, İsrailin təcavüzü regional təhlükəsizlik və sabitliyə birbaşa təhdiddir. Şura ümumi hərbi komandanlığa birgə müdafiə mexanizmlərinin işə salınması və təhdidlərin qiymətləndirilməsi, eləcə də kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təcili iclas keçirməyi tapşırıb.

Bundan əlavə, Körfəz ölkələri beynəlxalq ictimaiyyəti təcavüzün qarşısını almaq və mülki insanları qorumaq üçün tədbirlər görməyə çağırıb.

Ölkələr həmçinin Qətərin gələcək cavab addımlarını tam dəstəklədiklərini bildiriblər. 

"Bütün ərəb və İslam ölkələrinə qarşı edilən bu hücum qarşısında Qətər dövləti ilə tam həmrəylik bir daha təsdiqlənir. İsrailin hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və gördüyü bütün tədbirlərdə dəstəyimizi ifadə edirik", - mətndə deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti