Kiyevin hərbi rəhbəri: Paytaxta təcili enerji dəstəyi lazımdır
- 18 oktyabr, 2025
- 13:27

Rusiya ordusunun zərbələrindən sonra Kiyevin bütün rayonlarında elektrik enerjisi çatışmazlığı müşahidə olunur - ən sıx məskunlaşmış üç rayon: Desnyanskiy, Darnitskiy və Dniprovskiy rayonları elektriksiz qalıb.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
O qeyd edib ki, paytaxtın yalnız on rayondan ikisində vəziyyət nisbətən sabitdir: "Bu vəziyyət, enerji mühəndisləri təchizatı bərpa edənə qədər demək olar ki, tam bir gün davam etdi. Hazırda şəhərin bütün rayonlarında vəziyyət tarazlaşıb. Sistemdə defisit olduqda fövqəladə və ya planlaşdırılmamış kəsintilər tətbiq edilir. Enerji mühəndisləri belə halları minimuma endirmək üçün çalışırlar. Hələ də əlavə güclərə - xüsusən də kritik infrastruktur və sosial obyektlərin muxtariyyətini gücləndirmək üçün ehtiyat güclərə ehtiyac var".
Şəhər hərbi rəhbərinin sözlərinə görə, sonuncu bombardman şəhərin su təchizatını da çətinləşdirib.
"Biz mümkün olan bütün generasiya vasitələrinə, o cümlədən avtonom elektrik stansiyalarına ehtiyac duymağa davam edirik. Kiyevi dəstəkləyə bilən hər kəsə müraciət edirəm - onun enerji davamlılığını gücləndirməyə və alternativ enerji mənbələri təmin etməyə kömək etsinlər. Hər hansı yardımı minnətdarlıqla qəbul edəcəyik. Bu, müharibə zamanı xalqımıza ən yaxşı dəstəkdir"- rəsmi əlavə edib.