Kiyevdə Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib

Digər ölkələr
  • 12 dekabr, 2025
  • 13:30
Kiyevdə Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin, "SOCAR Energy Ukraine" şirkətinin kollektivi əvvəlcə Ulu Öndərin səfirlikdə qoyulan büstü önünə tər çiçəklər düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra səfirliyin Heydər Əliyev zalında anım tədbiri keçirilib. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb.

"Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Bu gün də həmin ərazilər yenidən qurulur", - deyə səfir vurğulayıb.

Tədbirdə, həmçinin "SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan danışıb.

Son xəbərlər

Bütün Xəbər Lenti