Kiyev Avropanın "Dron divarı" layihəsinə qoşulmağa hazırdır

Digər ölkələr
  • 26 sentyabr, 2025
  • 20:29
Kiyev Avropanın Dron divarı layihəsinə qoşulmağa hazırdır

Ukrayna Avropanı Rusiyanın hücum dronlarının təhdidindən qorumaq üçün nəzərdə tutulan "Dron divarı" layihəsinin yaradılması üzrə qitənin müdafiə layihəsində iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.

"Biz artıq çalışırıq və Avropanı Rusiyanın pilotsuz uçuş aparatları təhdidindən qorumaqda fəal rol oynaya bilərik. "Dron divarı" Avropada prinsipial olaraq yeni müdafiə ekosistemi yaratmalıdır, Ukrayna isə onun bir hissəsi olmağa hazırdır", - nazir yazıb.

"Artıq oktyabrda tərəfdaşlarımızla birgə bəyannamə imzalayacağımıza ümid edirik. Biz öz tərəfimizdən "Dron divarı"nın bir hissəsi olacaq qrupları hazırlamaq üçün artıq texniki qruplar göndərməyə hazırıq", - o qeyd edib.

Qeyd edək ki, "Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür və Rusiya ilə bütün sərhəddə pilotsuz uçuş aparatlarına qarşı çoxsəviyyəli monitorinq avadanlığı və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib. Layihə hazırda işlənmə və prototip seçimi mərhələsindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti