KİV: HƏMAS 20 girovu oktyabrın 12-də İsrailə təhvil verə bilər

Digər ölkələr
  • 12 oktyabr, 2025
  • 14:51
KİV: HƏMAS 20 girovu oktyabrın 12-də İsrailə təhvil verə bilər

HƏMAS oktyabrın 12-də İsrail hakimiyyətinə 20 girovu təhvil verməyə hazırdır, lakin bu tarixlərin dəyişə bilmə ehtimalı var.

"Report"un "The Wall Street Journal" (WSJ) qəzetinə istinadla verdiyi məlumata görə, HƏMAS İsrailə ərəb vasitəçilərlə girovların təhvil verilməsinə hazır olduğunu bildirib.

Qəzet qeyd edib ki, bu, hərəkatın ilk dəfə olaraq 20 israillinin onların əsirliyində olduğunu təsdiqləməsidir.

Məlumata görə, İsrail ordusu girovları bazar günü axşam qəbul etməyə hazırlaşır, lakin təhvilin ABŞ Prezidenti Donald Trampın İsrail və Misirə səfər etməyi planlaşdırdığı 13 oktyabrda baş tutması da mümkündür.

İsrailin qiymətləndirməsinə görə, Qəzzada hələ də 20 israilli girov və təxminən 28 girovun cəsədi qalır. HƏMAS isə bəyan edib ki, bəzi girovların cəsədlərinin yerini bilmir və Trampın planında nəzərdə tutulan 72 saatlıq müddətə riayət etməkdə çətinlik çəkəcək. İsrail də cəsədlərin axtarışının daha çox vaxt aparacağını etiraf edib.

Nəşrin mənbələrinə görə, Qəzzada israilli girovların cəsədlərinin axtarışı üçün Misir, Qətər, ABŞ və Türkiyə nümayəndələrinin daxil olduğu beynəlxalq qrup yaradılır.

Son xəbərlər

Bütün Xəbər Lenti