KİV: Fransanın Baş naziri parlamentdə səsvermədə məğlub olarsa, istefa verəcək
- 08 sentyabr, 2025
- 19:36

Fransanın Baş naziri Fransua Bayru Milli Assambleyanın (parlamentin aşağı palatası) deputatlarının bazar ertəsi axşam Nazirlər Kabinetinə etimadın əleyhinə səs verəcəyi təqdirdə sentyabrın 9-da səhər saatlarında istefa verəcək.
"Report" xəbər verir ki, bu barədə Baş nazirin ətrafına istinadən LCI telekanalı məlumat yayıb.
"Hökumət buraxılarsa, Fransua Bayru istefasını sabah səhər saatlarında Fransa Prezidenti Emmanuel Makrona təqdim edəcək", - məlumatda bildirilir.
Qeyd edək ki, hazırda Milli Assambleyanın növbədənkənar iclası keçirilir, yekunda parlament üzvləri hökumətə etimad məsələsinə dair səs verməli olacaqlar. Hökumət başçısı vurğulayıb ki, parlament üzvlərinin hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq, lakin reallığı dəyişdirməyəcək. O, 3,4 trilyon avroluq böyük dövlət borcunu xatırladıb və vurğulayıb ki, maliyyə siyasəti dəyişdirilməsə, 2030-cu ilə qədər ona xidmət göstərilməsi ölkəyə 100 milyard avrodan çox başa gələcək.
İlkin məlumatlara görə, parlamentarilərin əksəriyyəti əleyhinə səs verəcək, bu isə hazırkı hökumətin istefasına gətirib çıxaracaq və gələcəkdə parlamentin buraxılmasına gətirib çıxara bilər, lakin hələlik, medianın qeyd etdiyinə inansaq, Fransa Prezidenti Emmanuel Makron yeni parlament seçkilərinə əl atmaq istəmir. Çünki "Milli Birliy"in simasında sağçı müxalifət bu qanunverici orqanda öz mövqeyini daha da gücləndirə bilər.