KİV: Bundestaq Bundesver üçün 50 milyard avroluq satınalma paketini təsdiqləyib
- 18 dekabr, 2025
- 06:58
Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Bundesver (Almaniyanın Silahlı Qüvvələri) üçün 50 milyard avrodan çox məbləğində müdafiə üzrə satınalma paketini təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə DPA agentliyi xəbər yayıb.
Nəşrin məlumatına görə, vəsait hərbçilər üçün fərdi qoruyucu vasitələr və formaların alınmasına istifadə olunacaq. Bundan əlavə, "Arrow 3" raketdən müdafiə sisteminin genişləndirilməsinə təxminən 4 milyard avro, "Patriot" hava hücumundan müdafiə sistemi üçün isə 2 milyard avro ayrılacaq. "Puma" piyada döyüş maşınlarına 4 milyard avrodan çox vəsait xərclənəcək.
25 milyon avronu aşan bütün satınalma layihələri Bundestaqın Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ümumilikdə 103 təklif təsdiqlənib və bu, ümumi investisiya həcmi 82,98 milyard avro olan böyük müdafiə layihələrinin əsasını qoyub. Son üç ildə 188,4 milyard avro investisiya qoyulub.
2026-cı ildə Almaniyanın müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artacaq ki, bu da "soyuq müharibə"nin bitməsindən bəri ən yüksək səviyyədir. Vəsaitlər əsasən hərbi texnika və sursatın alınmasına sərf olunacaq və bunun əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdiriləcək.