KİV: ABŞ CAR-ı G20-nin 2026-cı ildə keçiriləcək sammitinə dəvət etməyəcək
- 27 noyabr, 2025
- 00:46
ABŞ Prezidenti Donald Trampın administrasiyası Cənubi Afrika Respublikasını (CAR) 2026-cı ilin dekabr ayında Floridada keçiriləcək G20 sammitindəki tədbirlərə dəvət etmək niyyətində deyil.
"Report"un məlumatına görə, bu barədə CNN çərşənbə günü mənbəyə istinadən bildirib.
"Tramp administrasiyasının Cənubi Afrika Respublikasını gələn il ABŞ-də keçiriləcək G20 tədbirlərində dəvət etmək planı yoxdur", - telekanal bildirib.
CAR Prezidentinin sözçüsü Vinsent Maqvenya CNN-ə bildirib ki, "bu cür şayiələrdən" xəbərdardır, lakin o, Cənubi Afrika Respublikasının imtina barədə rəsmi bildiriş alana qədər bu məlumatı tamamilə spekulyativ hesab edəcəyini vurğulayıb.
Mənbənin məlumatına görə, ABŞ Polşanı 2026-cı il görüşlərində iştirak etməyə dəvət etmək niyyətindədir. Telekanal qeyd edib ki, Polşa G20 üzvlüyünə fəal şəkildə can atır.
CNN qeyd edib ki, Cənubi Afrika Respublikası ABŞ-dəki sammitdə iştirak etməsə, bu, 20 ildə ilk dəfə bir ölkənin ev sahibi ölkənin xahişi ilə sammitdən kənarlaşdırılması olacaq.
ABŞ 22-23 noyabrda CAR-da keçirilən 2025-ci il sammitini boykot edib. Tramp sammitə məhəl qoymamaq qərarına gəlib, onun fikrincə CAR-dakı ağdərili əhali soyqırımına məruz qalır. CAR ittihamları rədd edib.