Kabilin mərkəzində partlayış baş verib - YENİLƏNİB - FOTO

Digər ölkələr
  • 19 aprel, 2016
  • 05:25
Kabilin mərkəzində partlayış baş verib - YENİLƏNİB - FOTO

Bakı. 19 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər saatlarında içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, partlayış Əfqanıstan Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası yaxınlığında həyata keçirilib.

Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və MTA binalarının yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda atəş səsləri eşidilməkdədir.

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabilin mərkəzindəki partlayış nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Yerli xəstəxananın nümayəndəsinin sözlərinə görə, partlayışdan sonra tibb müəssisəsinə 8 yüngül yaralı hərbçi gətirilib. Yaralılar barədə dəqiq məlumat açıqlanmır.

Amma yerli KİV partlayış nəticəsində 24 nəfərin öldüyünü xəbər verib. Terror hücumuna görə məsuliyyəti taliblərin üzərlərinə götürdükləri də verilən məlumatlar arasındadır.

*** 08:53

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. "Report" "Reyters"ə istinadən xəbər verir ki, partlayış səsi ABŞ-ın bu ölkədəki səfirliyində də eşidilib.

Şahidlər geniş ərazinin tüstüyə büründüyünü bildiriblər.

Yerli mətbuat isə son günlər ölkədə "Taliban"çıların fəallaşdığını vurğulayıb.

Hələlik ölən və yaralananlarla bağlı məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.