İtaliya səfiri İsveçrədə bardakı yanğına fişəngin səbəb olduğunu ehtimal edir
- 01 yanvar, 2026
- 19:07
İsveçrənin dağ-xizək kurortu Kran-Montanada yerləşən barda baş verən və azı 40 nəfərin həyatını itirdiyi yanğına pirotexniki vasitənin (fişəngin) partlaması səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Bern şəhərindəki səfiri Can Lorenso Kornado "Rai News 24" telekanalının efirində bildirib.
"Partlayış asma tavana fişəngin buraxılması nəticəsində baş verə bilər", – diplomat qeyd edib.
Rəsmi Roma İsveçrədəki dağ kurortunda barda baş verən yanğında həlak olanlar arasında İtaliya vətəndaşlarının da ola biləcəyini istisna etmir.
İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, güclü yanıq xəsarətləri səbəbindən qurbanların şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil. İtaliyanın diplomatik qurumları faciə zamanı barda olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün İsveçrə hakimiyyəti ilə sıx əməkdaşlıq edir.