İsveçdə jurnalist saxta sənədlərlə Baş nazirin malikanəsində işə düzəlib
- 09 iyun, 2026
- 17:50
İsveçdə bir jurnalist uydurulmuş adla və süni intellekt tərəfindən yaradılmış fotoşəkillə özünü təqdim edərək, Baş nazir Ulf Kristerssonun həyat yoldaşının malikanəsində könüllü olaraq işə düzəlib.
"Report" xəbər verir ki, bu barədə "Aftonbladet" nəşrində məlumat yerləşdirilib.
Bildirilib ki, birinci ledi Birgitte Ed adətən binanın təmirinə kömək etmək üçün könüllüləri dəvət edir və nəşrin müxbiri Liza Ryostlund "Vängården Fållökna" malikanəsində könüllü kimi işə düzəlib. Gəlişi zamanı İsveç Təhlükəsizlik Xidmətinin ("Säpo") mühafizəçiləri L.Ryostlundun sənədlərini və əşyalarını yoxlamayıblar və o, binaya diktofon keçirə bilib.
Malikanəyə daxil olduqdan sonra L.Ryostlund bütün günü Baş nazir və onun həyat yoldaşının əhatəsində keçirə bilib. İsveçin birinci ledisi hətta jurnalisti şəxsi yataq otağına aparıb və onu orada bir neçə dəqiqəlik tək qoyub.
Malikanədə olduğu müddətdə müxbir baş nazirin və onun ailəsinin gündəlik rejimi, eləcə də onların təhlükəsizlik tədbirləri haqqında ictimaiyyətə açıq olmayan məlumatlar eşidib. Bütün bu məlumatları o, öz reportajında açıqlayıb.
Bundan əlavə, "Säpo"dan ətraflı şərh verməkdən imtina ediblər. Onlar qeyd ediblər ki, onlar malikanəni deyil, şəxsən baş naziri qoruyurlar.