İsrail Boliviya ilə diplomatik münasibətlərin tezliklə bərpa olunacağını elan edib
- 09 dekabr, 2025
- 02:15
İsrail və Boliviya Qəzza sektorundakı vəziyyətlə əlaqədar kəsilmiş diplomatik münasibətləri bərpa etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Qideon Saar öz "X" hesabında bildirib.
"Sabah Vaşinqtonda boliviyalı həmkarım, xarici işlər naziri Fernando Aramayo ilə münasibətlərin bərpası haqqında sazişi imzalamaq üçün görüşümüzü səbirsizliklə gözləyirəm", – deyə o yazıb.
Saar qeyd edib ki, daha əvvəl oktyabrda dövlət başçısı seçilmiş Boliviyanın yeni prezidenti Rodriqo Pas ilə danışıb və ona "İsrailin yeni bir səhifə açmaq və diplomatik münasibətləri tam şəkildə bərpa etmək istəyini" çatdırıb.
"Biz prezidentin israilli səyahətçilər üçün vizanı ləğv etmək qərarını yüksək qiymətləndiririk. Sabah ölkələrimiz arasında münasibətləri bərpa etməyi planlaşdırırıq", – deyə nazir əlavə edib.
Xatırladaq ki, Boliviya 2023-cü ilin oktyabrında İsrailin Qəzza sektorundakı hərəkətlərinə görə bu ölkə ilə diplomatik münasibətləri kəsmişdi.