İspaniya kralı 18 ildən sonra ilk dəfə Çinə dövlət səfəri edəcək
- 03 noyabr, 2025
- 13:04
İspaniya kralı VI Filipp 10-13 noyabr tarixlərində Çinə dövlət səfəri edəcək.
"Report" Çin mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mao Nin brifinqdə bildirib.
"İspaniya kralı VI Filipp Çin sədri Si Cinpinin dəvəti ilə 10-13 noyabr tarixlərində Çinə dövlət səfəri edəcək. Bu, kral VI Filippin taxta çıxmasından (2014-cü il) sonra Çinə ilk dövlət səfəri, həmçinin İspaniya kralının 18 il ərzində bu ölkəyə ilk səfəridir ki, bu da böyük əhəmiyyət kəsb edir", - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, səfər zamanı VI Filipp Si Cinpin, Çin Dövlət Şurasının baş naziri Li Tsyan və Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Çjao Letszi ilə görüşlər keçirəcək. Bu görüşlərdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə ediləcək.