İŞİD-in keçmiş yaraqlılarının 230-dan çox ailəsi Suriyadan İraqa aparılıb

Digər ölkələr
  • 01 sentyabr, 2025
  • 01:53
İŞİD-in keçmiş yaraqlılarının 230-dan çox ailəsi Suriyadan İraqa aparılıb

İŞİD terror qruplaşmasının keçmiş yaraqlılarının ailə üzvlərindən ibarət İraq vətəndaşlarının böyük qrupu - 850 nəfər Suriyadan Yarubiyadakı nəzarət-buraxılış məntəqəsi vasitəsilə evlərinə aparılıb.

"Report"un xəbərinə görə, bu barədə "Shafaq News" agentliyinə Suriyanın Hasəkə əyalətindəki kürd muxtar administrasiyasının nümayəndəsi bildirib.

"Avtobuslar karvanı Əl-Hol xüsusi düşərgəsini güclü mühafizə altında tərk edib, onu zirehli transportyorlarda ABŞ hərbçiləri müşayiət edib, beynəlxalq koalisiyanın pilotsuz təyyarələri isə səmada patrul edir", - rəsmi şəxs bildirib. Onun sözlərinə görə, düşərgəni 232 iraqlı ailə, ümumilikdə 850 nəfər tərk edib.

Bu, 2025-ci ilin əvvəlindən sayca 11-ci karvandır. Mayda 865, iyunda 940, iyulda 800 iraqlı geri qaytarılıb. Ümumilikdə 2021-ci ildən Əl-Holdan İraqa 15 mindən çox insan qayıdıb.

İŞİD yaraqlılarının ailə üzvləri reabilitasiya üçün Neynəva əyalətinin inzibati mərkəzi, Mosul şəhərinin cənubunda yerləşən Əl-Cədada məcburi köçkünlər üçün müvəqqəti mərkəzə aparılıb. Orada ailələr İraqdakı dinc həyat şəraitinə uyğunlaşır və reabilitasiya dövründən sonra onların əvvəlki yaşayış yerlərinə köçməsinə icazə verilir.