İran XİN: AEBA ilə qarşılıqlı əlaqədə olmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur
- 23 noyabr, 2025
- 15:49
İran öz mövqelərini birbaşa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) çatdırır və vasitəçilərə ehtiyac duymur.
"Report"un "Mehr" agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bəyan edib.
"Təbriz öz münasibətlərində agentliklə vasitəçilərə ehtiyac duymur", – deyə o bildirib.
İranın AEBA ilə əməkdaşlığı və bəzi ölkələrin, o cümlədən Misirin vasitəçilik cəhdləri ilə bağlı suala cavab verən Baqai qeyd edib:
"Bizim Vyanadakı nümayəndəmiz fəal işləyir. Biz agentliyin üzvüyük, mövqelərimizi açıq şəkildə ifadə edirik və müzakirələr zamanı onları birbaşa çatdırırıq".
Xatırladaq ki, noyabrın 20-də AEBA-nın İdarə Heyəti Tehranın agentliklə əməkdaşlığı genişləndirməsi və zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat verməsi ilə bağlı qətnamə qəbul edib. Qətnaməni Fransa, Böyük Britaniya, Almaniya və ABŞ təqdim edib. Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın sentyabrda Qahirədə əldə olunmuş, AEBA ekspertlərinin İranda fəaliyyətini bərpa etmə şərtlərinə dair sazişi rəsmən ləğv etdiyini açıqlayıb.