İki ispan nazirin İsrailə girişinə qadağa qoyulub
- 08 sentyabr, 2025
- 15:25

İspaniya ölkənin limanları və hava məkanından istifadə olunmaqla İsrail üçün silah tranzitinə qadağa qoyub.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə ölkənin Baş naziri Pedro Sançes bazar ertəsi rəsmi televiziya müraciətində bildirib.
Silahların tranzitinə qoyulan qadağadan əlavə, İspaniya Fələstin Administrasiyasına və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə yardımını əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin işğal olunmuş Fələstin ərazilərindəki İsrail məskənlərində istehsal olunan mallara embarqo tətbiq edilir.
"Ümid edirik ki, bu tədbirlər Fələstin əhalisinin yaşadığı əzabları yüngülləşdirmək üçün Baş nazir Netanyahu və onun hökumətinə əlavə təzyiq vasitəsi olacaq", - Sançes qeyd edib.
Hökumət həmçinin Madridin fikrincə, Sançesin soyqırımı kimi xarakterizə etdiyi əməllərdə birbaşa iştirak edən şəxslərin ölkəyə girişinə qadağa qoymağı nəzərdə tutur.
Buna cavab olaraq İsrailin xarici işlər naziri Gideon Saar Sançesi ictimaiyyətin diqqətini daxili korrupsiya qalmaqallarından yayındırmağa cəhd etməkdə günahlandırıb.
Bundan başqa, İsrailə qarşı daha aqressiv mövqe tutduğu hesab edilən əmək naziri Yolanda Diasın və gənclərlə iş üzrə nazir Sira Reqonun ölkəyə girişinə qadağa qoyulub.