"HƏMAS": Rəfahdakı toqquşmalar barədə heç nə bilmirik - YENİLƏNİB
- 19 oktyabr, 2025
- 16:58

Fələstinin "HƏMAS" hərəkatının Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla heç bir əlaqəsi yoxdur.
"Report"un məlumatına görə, bu iddia ilə hərəkatın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" çıxış edib.
Hərəkatın telegram kanalında yaydığı bəyanatda deyilir: "Biz Rəfahdakı toqquşmalar barədə heç nə bilmirik, çünki ərazi İsrailin nəzarətindədir və bu ilin mart ayından orada qalan döyüşçülərimizlə heç bir əlaqəmiz yoxdur".
Radikallar əlavə ediblər ki, onlar "Qəzzanın cənubundakı tərəfdarlarının ölü və ya diri olduqlarını belə bilmirlər" və buna görə də hərəkatın komandanlığının "həmin ərazilərdə baş verən hər hansı insidentlə heç bir əlaqəsi yoxdur".
Fələstinin HƏMAS radikal hərəkatı ABŞ-ın Qəzza zolağında atəşkəs rejimini pozmaqda ittihamlarını rədd edib.
"Report"un məlumatına görə, bu barədə hərəkat özünün telegram kanalında məlumat yayıb.
"HƏMAS ABŞ Dövlət Departamentinin bəyanatında irəli sürülən iddiaları qəti şəkildə rədd edir, qaçılmaz hücum və ya atəşkəsin pozulması ilə bağlı iddiaları təkzib edir",- hərəkat bəyan edib.
Dövlət Departamenti bundan əvvəl HƏMAS-ın Qəzzada mümkün atəşkəsi poza biləcəyi barədə xəbərdarlıq edib: "Qarant ölkələr HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamenti bildirib.