HƏMAS-ın iki yüksək vəzifəli şəxsi öldürülüb - YENİLƏNİB
- 10 oktyabr, 2023
- 13:31
İsrailin Qəzza zolağında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində HƏMAS-ın daha bir yüksək rütbəli rəsmisi öldürülüb.
"Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxs HƏMAS-ın siyasi bürosunun yüksək rütbəli üzvü və daxili əlaqələr ofisinin rəhbəri Zəkəriyyə Əbu Məamradır.
Qeyd olunub ki, Əbu Məamra Qəzza zolağında HƏMAS-ın yüksək səviyyəli qərar qəbuledicisi və terror qruplaşmaları arasında koordinatoru olub.
17:12
İsrailin Qəzza zolağında başlatdığı antiterror əməliyyatları nəticəsində HƏMAS hökumətinin iqtisadiyyat naziri Coad Əbu Şmalah öldürülüb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, HƏMAS hökumətində müxtəlif vəzifələri icra edib və İsrail dövlətini hədəf alan bir sıra əməliyyatlara rəhbərlik edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. HƏMAS-ın hücumu nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 806 nəfər yaralanıb.
Nəcməddin Quluzadə