Fransada etiraz aksiyalarında saxlanılanların sayı 500-ü ötüb - YENİLƏNİB
- 11 sentyabr, 2025
- 02:04

Sentyabrın 10-da Fransada keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda saxlanılanların sayı 521 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "BFMTV" telekanalı yerli polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, aksiyaçılardan 251 nəfəri Parisdə saxlanılıb. Onların neçəsinin həbs olunduğu açıqlanmayıb.
KİV-in məlumatına görə, nümayişlərdə aqressiv iştirakçılarla qarşıdurmalar zamanı 13 polis əməkdaşı xəsarət alıb.
Ölkənin daxili işlər naziri Bruno Retayo çərşənbə günü axşam mətbuat konfransında bildirib ki, hökumət siyasətinə qarşı keçirilən etiraz aksiyalarında ölkə üzrə təxminən 200 min nəfər iştirak edib. O həmçinin hüquq-mühafizə orqanlarının ölkə ərazisindəki müxtəlif obyektlərin, o cümlədən yol qovşaqları və anbarların "bloklanmasının qarşısını almaq" üçün 50-yə yaxın əməliyyat həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, hakimiyyət "ölkəni bloklamaq" istəyənlərin niyyətlərini həyata keçirmələrinə icazə verməyib
Hazırda polis Parisdə Respublika meydanında qalan sonuncu nümayişçiləri də dağıdıb. Gün ərzində Fransanın paytaxtında etirazçılarla hüquq-mühafizə orqanları arasında bir neçə qarşıdurma baş verib və polis gözyaşardıcı qazdan istifadə edib.
Fransada hakimiyyətin təklif etdiyi sərt iqtisadi qənaət tədbirlərinə qarşı keçirilən etirazlarda saxlanılanların sayı 327 nəfərə çatıb.
"Report"un xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən "BFMTV" telekanalı məlumatın yayıb.
"DİN bildirib ki, səhərdən etibarən ölkə üzrə ən azı 327 həbs qeydə alınıb", – məlumatda bildirilib.
Telekanal vurğulayıb ki, onların 199-u paytaxtda saxlanılıb.
Qeyd edək ki, ümumilikdə ölkə üzrə 700-dən çox müxtəlif aksiya gözlənilir və 100 min insanın iştirak edəcəyi bildirilir. Etirazçılar arasında artıq "sarı jiletlilər" hərəkatının keçmiş iştirakçıları da görünür. Bu fonada nizam-intizamı təmin etmək üçün 80 min hüquq-mühafizə işçisi səfərbər olunub. İyul ayında o zamanın Fransa Baş naziri Fransua Bayru 2026-cı ilin büdcəsi ilə bağlı qanun layihəsini təqdim etmişdi. Hakimiyyət büdcənin bir neçə maddəsində əvvəl planlaşdırılan 40 milyard avro yerinə 43,8 milyard avro qənaət etməyi nəzərdə tuturdu. Hökumətin planına əsasən, pensiyalar və sosial ödənişlər indeksləşdirilməyəcək, nazirliklərdən yalnız Müdafiə Nazirliyinin büdcəsi artırılacaq və ona "dünyadakı təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən" əlavə 3,5 milyard avro ayrılacaq. Bayru həmçinin büdcə kəsirinin azaldılması üçün "fransızların daha çox işləməsi" lazım olduğunu bildirib. O, iki bayram gününün iş günü elan edilməsini təklif edib. Bəyan olunan tədbirlər fransızlar arasında güclü narazılıq yaradıb.