Fon der Lyayen və Koşta Ukraynaya səfər ediblər
- 24 fevral, 2026
- 09:41
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Ukraynaya səfər ediblər.
"Report" xəbər verir ki, bu barədə onlar "X" sosial şəbəkəsindəki hesablarında paylaşım ediblər.
Aİ nümayəndələrinin sözlərinə görə, səfər Rusiya ilə Ukrayna arasında müharibənin başlamasının dördüncü ildönümünə təsadüf edir.
A.Koşta və Ursula fon der Lyayen öz paylaşımlarında Avropanın Ukraynaya dəstəyi bundan sonra da davam etdirmək niyyətində olduğunu vurğulayıblar.
Müharibə başlayandan bəri Aİ Ukraynaya 70 milyard avro hərbi dəstək də daxil olmaqla 194,9 milyard avro məbləğində yardım göstərib. Bundan əlavə, Avropa Komissiyası tərəfindən təklif olunan 90 milyard avro məbləğində kredit 2026–2027-ci illərdə Ukraynanın sabit maliyyələşməsini təmin etməlidir. Ukraynanın müdafiəsi, həmçinin Avropa Komissiyasının 150 milyard avro həcmində olan əsas müdafiə alətinin – "Security Action for Europe"un (SAFE) bir hissəsidir. Bu təşəbbüsə qoşulan 19 üzv ölkənin əksəriyyəti Ukrayna ilə birgə layihələri öz müdafiə planlarına daxil edib.
Ukrayna enerji təhlükəsizliyinin təmin edilməsi üçün Aİ-dən təxminən 3 milyard avro alıb. Qış ərəfəsində Avropa Komissiyası təcili qaz satınalmaları üçün 900 milyon avrodan çox vəsait səfərbər edib, Aİ-dən Ukraynaya elektrik enerjisi ixracı gücləri isə hazırda maksimum səviyyədə istifadə olunur. Həmçinin, Aİ təkcə son bir ay ərzində 1 000 generator daxil olmaqla 157 min tondan çox yardım təqdim edib.